
Bakı. Trend:
25 avqust tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan
Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi
Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media
komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Trend
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat
yayıb.
Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında
əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini
qeyd edərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin
əhəmiyyətinə diqqət çəkib. O, həmçinin “Media haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi və bundan irəli gələn bir sıra
məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata
keçirilən tədbirlərdən bəhs edib, kütləvi informasiyanın istehlakçı
tərəfindən təhlilinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual media
sahəsində mövcud beynəlxalq əməkdaşlığı diqqətə çatdıraraq bu
istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata
keçirilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki,
Azərbaycanda audiovizual media mühiti yeni mahiyyət qazanır və
xarici tərəfdaşlarla təcrübə paylaşımı məzmun keyfiyyətinin
yüksəldilməsinə müstəsna töhfə verir.
Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri,
Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü
Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və
resurs mübadiləsinin təşviqinin, eyni zamanda dezinformasiyaya
qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində
birgə təşəbbüslərin mühüm önəm daşıdığını, qarşılıqlı səfərlərin və
mediaturların təşkilinin tərəfdaşlığı daha da möhkəmləndirəcəyini
bildirib.

