
Bu gün saat 14:30 radələrində Qəbələ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif dərəcəli xəsarət alan şəxslərə müştərək travmalar, başın və alının açıq yaraları diaqnozları təyin olunub.
Pasiyentlərdən 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
1994 və 2010-cu il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil qiymətləndirilir. Hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
1978-ci il təvəllüdlü şəxs zəruri ilkin tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
***
16:10
Qəbələdə ağır avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmçinin, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər – 1972-ci il təvəllüdlü Səfərəliyev Süphi, 1978-ci il təvəllüdlü Qocayev Mehdi və 2010-cu il təvəllüdlü yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.