“Biznesin yerləşdiyi yer” indikatorunun 2025-ci il üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

Baş səhifə

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi”
işçi qrupunun onlayn iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında
bildirilib.

Qeyd olunub ki, dövlət və özəl sektor nümayəndələrinin iştirak
etdiyi iclasda “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və
icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və
kommunikasiyanın həyata keçirilməsi, müvafiq tədbirlərin icra
vəziyyəti, 2025-ci ilin birinci yarımilliyi ərzində görülən işlər
barədə məlumat verilib və müzakirələr aparılıb.

Bildirilib ki, əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini,
işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına Yol
Xəritəsinin icrası çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və
kadastrı ilə bağlı həyata keçirilən tədbirlər və layihələr barədə
məlumat verib.




“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Əmlakın qeydiyyatı və
icarəsi” işçi qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran
əsas hədəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)”
indikatoru ilə bağlı Yol Xəritəsinin təqdimatı keçirilib.
Bildirilib ki, Yol Xəritəsində özbaşına tikintilərlə bağlı mövcud
vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt
layihəsinin hazırlanması, daşınmaz əmlakın qeydiyyatı sahəsində
göstərilən xidmətlərin tam elektronlaşdırılması istiqamətində
işlərin görülməsi, dövlət reyestrində məlumatlara əlçatanlığın
təmin edilməsi və digər məsələlər əksini tapır,” – deyə məlumatda
qeyd olunub.

Məlumata görə, sonda Yol Xəritəsi üzrə tədbirlərin vaxtında,
keyfiyyətlə və mahiyyəti üzrə icra edilməsinin vacibliyi
vurğulanıb, iclas iştirakçılarının sualları cavablandırılıb.