Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql
olunan tranzit neftinin həcmi 13,924 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 543,8 min ton və ya 3,7% azdır.

Belə ki, 2024-cü ilin ilk 6 ayında BTC ilə 14,5 milyon ton neft
nəql edilmişdi.




Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə
cəmi yük daşımalarının həcmin 18,513 milyon ton olub. Bu isə bir il
əvvəlki göstəriciyə nisbətən 725,6 min ton və yaxud 3,8% azalma
deməkdir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu
1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km
Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru
kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il
mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş
BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),
AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53
faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5
faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).