
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş
malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil
etmişdir.
Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər
verir.
Qeyd olunub ki, sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22,0
faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal
olunub.
Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 81,8 faiz
olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz,
sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil
edib.
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2025-ci il
vəziyyətinə 459,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış
və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manat məbləğində digər
məhsullar da mövcud olub”, – məlumatda qeyd edilib.