Ermənistan silahlı qüvvələrinin Şuşaya, Kəlbəcərə, Füzuliyə, Zəngilana hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 25-də
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Sahib Əsgərov ifadəsində bildirib ki, Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərdən
məcburi köçkün düşüb. Deyib ki, şəhərə hücumlar nəticəsində
qohumlarından həyatını itirənlər və yaralananlar olub. O, Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə
rəisi Nəsir Bayramovun sualını cavablandıraraq vurğulayıb ki,
Kəlbəcər sakinləri şəhəri tərk edərkən onlara çıxış üçün yol belə
verilməyib.

Zərərçəkən Kəlbəcərdə “Tunel” faciəsinin şahidi olduğunu da
diqqətə çatdırıb. O, ifadəsində, həmçinin düşmən tərəfdən xaricdən
gətirilmiş muzdlu döyüşçülərin də olduğunu bildirib.
“Qəbiristanlıqlarımızı dağıdıb, mədəni tarixi-dini abidələrimizi öz
adlarına çıxarıblar”, – deyə S.Əsgərov əlavə edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran
zərərçəkən Sabir Quliyev Şuşanın Göytala kəndinin sakini olduğunu,
1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü
vurğulayaraq söyləyib: “Əmim oğlanları Tahir və Rəfael Quliyevlər
həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb”.

“Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz
vermədi. Laçından keçəndə isə Gorus tərəfdən artilleriya atəşinə
məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”, – deyən zərərçəkən
əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının
qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi
başdaşlarının çıxarıldığını görüb.

“Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar.
Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər.
Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki…”, – deyə o diqqətə
çatdırıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını
cavablandıran zərərçəkən Almaz Ağayeva bildirib ki, ailəsi ilə
Xankəndi şəhərinin “5-ci paralel” küçəsindəki evdə yaşayıb. 1988-ci
ilin sentyabrında təzyiqlərə dözməyərək Şuşaya köçüblər. “Mən
Qarabağ İpək Kombinatında işləyirdim. Erməniləri gətirib Xankəndiyə
doldururdular, azərbaycanlıları döyürdülər. Belə təzyiqlərə
dözməyərək çox əzab-əziyyətlə meşədən keçib cığırlarla Şuşa
şəhərinə gəldik. 1992-ci ildə isə Şuşadan da məcburi köçkün düşdük.
Qonşum Zöhrə Quliyeva orada qətlə yetirildi. Atam da yaralanmışdı.
Zirzəmidə qalırdıq. Artilleriyadan atəş açırdılar”, – deyə o
hadisələri xatırlayıb.

Zərərçəkən Sevda Həsənova ifadəsində 1993-cü il avqustunda
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Füzuli
rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Dövlət ittihamçısı
Fuad Musayevin sualını cavablandıran S.Həsənova deyib: “Mülki əhali
ilə hərbçilər arasında heç bir fərq qoyulmurdu. Qonşumuzun həyətinə
“qrad”la atəş açmışdılar, qızın bədəni parça-parça olmuşdu”.

O vurğulayıb ki, torpaqlarımız işğaldan azad ediləndən sonra
oraya qayıdanda qəbiristanlıqlarda məzarların dağıdıldığının şahidi
olub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimlinin sualına cavabında zərərçəkən Araz Cəbrayılov 2023-cü il
sentyabrın 19-da Xankəndi yaxınlığında meşədə pusquya
salındıqlarını və açılan atəş nəticəsində yaralandığını
bildirib.

Zərərçəkən Nadir Məmmədov ifadəsində 1993-cü ilin oktyabrın
sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində
Zəngilandan məcburi köçkün düşdüyünü və yaralandığı söyləyib:
“Mülki əhaliyə rayondan çıxmaq üçün heç bir humanitar dəhliz
verilmədi, sakinlər atəşə tutulurdu. Araz çayından keçib xilas
olmuşuq”.

O, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərinin
şəklini göstərərək qeyd edib ki, 1991-ci ildə tikdikləri evdə cəmi
2 il yaşaya biliblər. “Evlərimizə, məscidlərimizə,
qəbiristanlıqlarımza vurulan zərərin ödənilməsini tələb edirik.
Qəbiristanlıqlarımızda qəbirlərimiz də dağıdılıb”, – deyə o əlavə
edib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran
zərərçəkən Nəriman Ələsgərov ifadəsində Ermənistan silahlı
qüvvələrinin hücumu nəticəsində Zəngilandan məcburi köçkün
düşdüyünü bildirib. Deyib ki, Zəngilanın işğalı zamanı poçtalyon
vəzifəsində çalışan Bəhmən adlı şəxs artilleriya atəşi nəticəsində
öz həyətində həlak olub. “Qısa müddət ərzində bir neçə kəndi işğal
etdilər, əhali kəndlərdən ayaqyalın qaçmağa məcbur oldu. Vəli
dayının ailəsini qətlə yetirdilər. İsmayıl dayını ruhi xəstə oğlu
ilə birlikdə tanka bağlayaraq sürüyüb öldürdülər. Əhaliyə humanitar
dəhliz verilməmişdi. Kəndləri işğal edən kimi yandırırdılar”, –
deyə o vurğulayıb.

Nəriman Ələsgərov Zəngilan işğaldan azad olunandan sonra oraya
qayıdarkən kəndlərdə daşın-daş üstə qalmadığını, qəbiristanlıqların
dağıdıldığını gördüyünü söyləyib.

Zərərçəkənlər təqsirləndirilən şəxslərin, onların
müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin
suallarını da cavablandırıblar.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Arkadi Qukasyanın
cinayət işi üzrə verdiyi ifadələr elan olunub.

Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.