
Bakı. Trend:
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və
Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX
“Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində
keçirilib.
Trend xəbər
verir ki, müsabiqənin final mərhələsində gənc xanəndələr Rəis
Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan
Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybabayeva və azyaşlı ifaçılar
Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə,
Murad Nəbizadənin çıxışları dinlənilib. Müsabiqəyə Xalq artistləri
Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar
Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi
münsiflik edib.
Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan
olunub.
Yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci
yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq
görülüblər.
Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva,
ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev
tutublar.
Yeniyetmə və gənclər arasında ilk üç yerin qaliblərinə Heydər
Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunub.
Müsabiqənin digər iştirakçılarına da diplomlar verilib.
Tamaşaçılar Əməkdar artist Ehtiram Hüseynovun ifasını
dinləyiblər. Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi”
səsləndirilib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev
Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən
muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə
çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə
ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə
tanıdılmasına mühüm töhfə verib.