Bu gün Azərbaycanda Laçın şəhəri günü qeyd olunur

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanda 26 avqust – Laçın şəhəri günü qeyd
olunur.

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri
Azərbaycan ordusunun tam nəzarəti altında keçib.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən,
Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyinə görə, şəhər Rusiya
sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.

Azərbaycan tərəfindən alternativ yolun istifadəyə verilməsindən
sonra ordumuz 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni
zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb. Şəhərdə
Azərbaycan bayrağı ucaldılıb.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı
Qələbə sayəsində Ağdam və Kəlbəcərdən başqa Ermənistan Laçın
rayonunu da tərk etməyə məcbur olub.

Laçın şəhəri gününün qeyd olunması ərəfəsində, avqustun 25-də
keçmiş məcburi köçkün ailələrinin Laçın rayonunun Zabux kəndinə
qayıtmasının birinci mərhələsinə başlanılıb. Bu mərhələdə artıq 20
ailə, yəni 88 nəfər yenidən tikilən evlərində məskunlaşıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
müzəffər Ordusu sayəsində keçmiş məcburi köçkünlər artıq öz doğma
torpaqlarında yenidən yaşaya bilirlər.