Laçın şəhəri və bütövlükdə rayon sürətlə bərpa olunur, onun əzəli sakinləri doğma evlərinə geri dönürlər -Xanlar Fətiyev

Baş səhifə

Bakı.Trend:

5 ilə yaxındır ki, Azərbaycan xalqı özünün müasir dövlətçilik və
müstəqillik tarixinin ən şərəfli və məğrur günlərini yaşayır. Artıq
torpaqlarımız işğaldan azad edilib, Qarabağda erməni separatizminə
son qoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz və
dövlətimizin konstitusion əsasları təmin olunub. Mühüm məqamlardan
biri də odur ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin yaratdığı bu reallıqları beynəlxalq ictimaiyyət bölüşür və
qəbul edir.

Daha xalqımız torpaqlarımızın işğal tarixlərini kədər hissi ilə
qarşılamır. Bu gün biz Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın,
Qubadlının, Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin qəhrəman ordumuz
tərəfindən işğaldan azad olunduqları tarixləri böyük fəxarət hissi
və təntənə ilə qeyd edirik. Cənab Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz
üzrə şəhər günləri təsis edilib və avqustun 26-da biz həmin
əlamətdar tarixlərdən birini – Laçın şəhəri gününü qürurla
qarşılayırıq.

Strateji baxımdan mühüm coğrafi mövqeyi olan Laçın rayonunun
1992-ci ilin may ayında Ermənistan ordusu tərəfindən işğalı
ölkəmizdə həmin vaxt iqtidarda olanların və hakimiyyət uğrunda
mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi idi.
Avqustun 21-də Kəlbəcər şəhərində sakinlərlə görüşündə bu barədə
danışan Prezident İlham Əliyev deyib:

«Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi
xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı
qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının
işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat
cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur».

Hakimiyyəti istənilən yolla ələ keçirmək üçün xəyanətə belə əl
atan AXC-Müsavat qaragüruhu Şuşanı və Laçını 1992-ci ilin may
ayında düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz
qalması böyük faciə idi, amma Laçının işğalı strateji
nöqteyi-nəzərindən böyük problemlərə yol açdı. Çünki Laçının işğalı
nəticəsində Qarabağdakı separatçı rejimlə Ermənistan arasında böyük
coğrafi bağlantı yarandı ki, bu da Azərbaycan torpaqlarının sonrakı
işğalı üçün zəmin formalaşdırdı.

Laçının işğalı nəticəsində rayonun əhalisi etnik təmizləməyə
məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin
düşdü. İşğal nəticəsində rayonda 217 mədəniyyət, 101 təhsil, 142
səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə,
5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi,
2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri
işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox
yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. İşğal
dövründə ermənilər Laçına eybəcər bir ad qoymuş, Suriyadan olan
erməniləri burada yerləşdirmişdilər.

Azərbaycan xalqı inanırdı və əmin idi ki, torpaqlarımız mütləq
işğaldan azad ediləcək, bütün məcburi köçkünlər, o cümlədən
laçınlılar doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin
uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti xalqımızın bu inamını
və əminliyini 2020-ci ilin payızında reallığa çevirdi. Rayonun bir
neçə kəndi hələ Vətən müharibəsi günlərində işğaldan azad edildi.
Azərbaycanın 44 günlük savaşdakı qələbəsinin, Ermənistanın isə
məğlubiyyətinin və kapitulyasiyasının hüquqi təsdiqi olan 10 noyabr
Bəyanatına əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu
Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın
şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Məhz bu tarix
ölkəmizdə Laçın şəhəri günü kimi qeyd olunur.

Hazırda Laçın rayonu Azərbaycanın Şərqi Zəngəzurda həyata
keçirdiyi bərpa və quruculuğun ən möhtəşəm nümunələrindən biridir.
İşğaldan azad olunan ərazilərdə başa çatdırılan ilk infrastruktur
layihələrindən biri Laçının Güləbird kəndindəki su elektrik
stansiyasıdır. Bunun davamı olaraq rayonda “Ağbulaq”, “Mişni”,
“Alxaslı”, “Zabux”, “Qarıqışlaq, “Aşağı Malıbəyli” və “Mirik” su
elektrik stansiyaları, “Laçın” qovşaq və “Qorçu” yarımstansiyaları,
Zabuxçay su anbarı inşa olunub. İşğaldan azad edilmiş ərazilərdə
icra olunan ən böyük infrastrukturlardan olan Laçın Beynəlxalq Hava
Limanı artıq istifadə olunur. Təməli 2021-ci ildə qoyulan və
2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı istənilən tip
hava gəmisini qəbul edə bilir. 75,8 km-lik Kəlbəcər-Laçın avtomobil
yolunun inşası isə sürətlə davam edir.

Laçın şəhəri Vətən müharibəsindən sonra Azərbaycanın nəzarətinə
keçən sonuncu yaşayış məntəqələrindəndir. Buna baxmayaraq Laçın
əzəli sakinlərinin qayıtdığı ilk şəhərlərdəndir. Şəhərin
Azərbaycanın nəzarətinə keçməsindən cəmi 9 ay sonra, 2023-cü ilin
may ayında Prezident İlham Əliyev buraya dönən sakinlərlə görüşüb,
onlara evlərin açarlarını təqdim edib. Laçında əhalinin
istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata
keçirilir. Çaykənarı bulvar şəhər sakinlərinin və bura gələn
qonaqların sevimli istirahət məkanlarından biridir. Laçın şəhərində
kanat yolu isə gələn il hazır olacaq.

Rayonun Sus, Zabux və Bəylik kəndlərinin əzəli sakinləri də
artıq öz doğma yurdlarına dönüblər. İndiyə Laçın rayonuna təxminən
3500 nəfərə yaxın keçmiş məcburi köçkün geri dönüb. Onlardan 571
ailə Laçın şəhərində məskunlaşıb.

Göz oxşayan gözəlliyi ilə fərqlənən, Azərbaycanın ən əsrarəngiz
yaşayış məskənlərindən olan Laçın şəhəri həm də mühüm siyasi
görüşlərə və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu il may
ayının 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərifin Zirvə görüşü keçirilib. İyulun 2-də isə Laçın
şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində
ECO-nun Qadınlar Forumu təşkil edilib. MDB Humanitar Əməkdaşlıq
Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın
şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Rayonda bərpa və quruculuq işləri istehsal müəssisələrinin
yaradılması ilə paralel şəkildə davam etdirilir. Laçın şəhərində
yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə
fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı,
yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal
müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və
digər müəssisələr yaradılacaq. Laçının sənaye zonasında mebel
fabriki də fəaliyyətə başlayıb və bütün bunlar rayona qayıdan
sakinlərin məşğulluğunun təmin edilməsində böyük rol oynayır. Laçın
həm də vaxtilə heyvandarlığın, arıçılığın inkişaf etdiyi
rayonlardan biri kimi tanınıb. Rayonun bərpası və sakinlərin
qayıdışı prosesində bu amil də nəzərə alınır. Hazırda rayonda
yüzlərlə arıçı öz təsərrüfatını qurub və məhsul götürür. Həkəri
çayı üzərində isə Qarabağ zonasında ilk olan nərəyetişdirmə
təsərrüfatı yaradılıb.

Laçın şəhəri və bütövlükdə rayon sürətlə bərpa olunur, onun
əzəli sakinləri doğma evlərinə geri dönürlər. İşğaldan azad edilmiş
bütün bölgələrimiz kimi Laçında da həyata keçirilən möhtəşəm
quruculuq və keçmiş məcburi köçkünlərin qayıdışı cənab Prezident
İlham Əliyevin yürütdüyü qətiyyətli siyasəti və Azərbaycan
dövlətinin qüdrətini dünyaya nümayiş etdirir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir