
Bakı.Trend:
Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan
profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet
sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli
davranışlardan əl çəkmirlər. Bu cür qayda pozuntuları yalnız həmin
sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və
sağlamlığı üçün ciddi təhlükə yaradır.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin valideynlərə
müraciətində bildirilib.
Qeyd olunub ki, son zamanlar azyaşlı uşaqların moped və
motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda
idarə etməsi hallarına rast gəlinir:
“Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm
də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi
deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək
xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə
hərəkətlərə yol verməsi qanunla qadağandır”.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə
müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd
qalmamağa, onlara ciddi nəzarət etməyə çağırır”-müraciətdə
deyilir

