
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirində ilk günün nəticələri bəlli olub.
Bu barədə “Report”a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Turnirin ilk günündə keçirilən oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub. “Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub.
“İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.
Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. A qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), B qrupunda “Qarabağ” (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” (Türkiyə), “Bunyodkor” (Özbəkistan), C qrupunda “Sabah” (Azərbaycan), “Paxtakor” (Özbəkistan), “Neftçi” (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayır.
Qeyd edək ki, turnirin final görüşü avqustun 28-də baş tutacaq.