Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək – Kamaləddin Qafarov

Baş səhifə

Bakı.Trend:

“Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən
Laçın rayonunun 1992-ci il may ayının 18-də Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilməsi bütün Azərbaycan xalqı üçün
böyük faciə idi. Məhz bu işğaldan sonra Ermənistanla keçmiş
qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə
yaradıldı və bu vəziyyət daha çox Azərbaycan ərazilərinin zəbt
olunmasına zəmin yaratdı”.

Trend xəbər verir ki, bu sözləri mətbuata
verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov
deyib.




Millət vəkili bildirib ki, işğal nəticəsində Laçın rayonunun
əhalisi etnik təmizləməyə məruz qalıb, 300 nəfərdən artıq hərbi və
mülki şəxs həlak olub, yaxud itkin düşüb. “Bütün beynəlxalq hüquq
normalarını pozan Ermənistan dövləti işğal dövründə Laçına Yaxın
Şərqdən köçürdükləri erməniləri bu ərazilərdən qovulmuş
azərbaycanlıların evlərində yerləşdirməklə qanunsuz məskunlaşma
aparmış və bununla daha bir hərbi cinayətə imza atmışdı. Vətən
müharibəsindən sonra azad edilmiş ərazilərə gələn hər kəs erməni
vandalizminin təzahürlərinin şahidi oldu. Lakin Azərbaycan bu zülmü
yerdə qoymadı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində tarixi
ədalət bərpa edildi. Dövlətimiz öz ərazilərini azad etmək üçün
ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi.
Şanlı ordumuz 44 gün ərzində ancaq irəli gedərək tarixi Qələbəni
əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. Bu şanlı Zəfər
nəticəsində 2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad
edildi. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi
müstəvidə təmin etdi.”

Fikirlərini davam etdirən K.Qafarov daha sonra tarixi
Qələbəmizin əbədiləşdirilməsi məqsədilə dövlət tərəfindən görülən
tədbirlərin önəmini vurğulayıb: “Beşinci ildir ki, işğaldan azad
olunmuş digər ərazilərimiz kimi, Laçın da düşmən tapdağından
qurtulmuş, özünün əsil sahiblərinə qovuşmuşdur. 2023-cü il mayın
28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start
verilib. Laçınlıların 31 ildən sonra öz doğma yurdlarına qayıdaraq
yenidən burada yaşamaları bu torpaqların əsil sahiblərinin kim
olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Tarixi dəyişdirmək
cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri
saxtalaşdırma üsullardan olub. Belə hallara gələcəkdə yol
verilməməsi üçün Azərbaycan dövləti bu gün cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Müzəffər Ali Baş
Komandan, Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi
qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif
olunmuşdur. Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş
əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz həmin Sərəncama
əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. İşğaldan
azad edilmiş bütün şəhərlərimizdə olduğu kimi, Laçın şəhərində də
İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır.
Bütün bu tədbirlər bundan sonra erməni yalanlarının bir daha heç
zaman tarixi faktları təhrif edə bilməyəcəyinə ən möhkəm
zəmanətdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir