
Bakı.Trend:
Süni intellekt geniş imkanlarla yanaşı, ciddi risklər də
yaradır.
Trend xəbər
verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, Azərbaycan
İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim
Əliquliyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri
İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri”
(PCI 2025) VI beynəlxalq konfransında çıxışı zamanı
səsləndirib.
Rasim Əliquliyev bildirib ki, son illərdə ortaya çıxan yeni
texnologiyalar dördüncü sənaye inqilabının əsasını qoyub. Lakin
ölkəmizdə süni intellektin tarixi və inkişaf mərhələləri ilə bağlı
kifayət qədər məlumat mövcud deyil:
“Bu sahədə zəruri bilgilərin toplanması və ictimaiyyətə
çatdırılması vacibdir”.
O, gənclərin süni intellekt və müasir informasiya
texnologiyaları ilə bağlı daha dolğun biliklər əldə etməsinin
önəmini vurğulayıb:
“Gənclərə anlatmalıyıq ki, istifadə etdiyimiz texnologiyalar
birdən-birə yaranmayıb, onların uzun bir inkişaf tarixi var. Mən
məsuliyyətlə deyirəm ki, bu istiqamətdə hələ görüləsi çox işlərimiz
var. İnformasiya texnologiyaları və İdarəetmə Sistemləri ilə bağlı
Azərbaycan alimlərinin son 60 ildə apardığı araşdırmaları
sistemləşdirərək cəmiyyətə təqdim etməliyik”.