
Bakı.Trend:
Kliniki Tibbi Mərkəzdə 500-dən çox oftalmoloji əməliyyat icra
edilib.
Trend xəbər
verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, kiatarakta xəstəliyinin müayinə və müalicəsi
icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Vətəndaşlar
ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və
cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə
yararlana bilirlər:
“Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindən
aparılır. Göz strukturlarının və görmə qabiliyyətinin
müəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibinin
müayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözün
uzunluğunun müəyyənləşdirilməsi və s. kimi müayinə metodları
sözügedən xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir.
Katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə
azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə
başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün
deyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir.
Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni
büllurla, yəni “göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla
yanaşı, əməliyyat zamanı istifadə edilən linzalar, dərman və tibbi
sərf icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyat təxminən 15-20
dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə
eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda
bilər”.
Qeyd edilib ki, el arasında “mirvari suyu” adlandırılan
katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz
xəstəliklərindəndir:
“Katarakta göz bəbəyinin arxasında yerləşən büllurun
şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas
əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimi bulanıqlaşması,
görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə
görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta
anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.
Məlumat üçün bildirək ki, Kliniki Tibbi Mərkəzdə yeni fəaliyyətə
başlayan və icbari tibbi sığorta ilə həyata keçirilən oftalmoloji
əməliyyatların sayı artıb.
Belə ki, uzman oftalmoloq Gülnar Sultanova tərəfindən 2025-ci
ilin may-avqust ayları ərzində 430 katarakta (mirvari suyu)
əməliyyatı, 51 gözyaşı kanalı tutulması səbəbilə aparılan KDSR
(kanalizasiyalı dakriosistorinostomiya) cərrahi əməliyyat icra
olunub.
Bundan əlavə 380-dən çox “Avastin” preparatının göz daxili
inyeksiyası həyata keçirilib.Katarakta əməliyyatları zamanı
xəstələrə yüksək keyfiyyətli “Alcon” (ABŞ istehsalı) linzaları
yerləşdirilib”.