
Bakı.Trend:
Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci
Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayəti törətməkdə
şübhəli bilinən 8 nəfər – Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim
Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil
Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə
saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən
1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop
maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon
və digər növdən olan həblər aşkarlanıb.
“Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri
istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə əldə edib
paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını
təşkil etməyi planlaşdırdıqları məlum olub”-məlumatda qeyd
edilir
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma
aparılır.
Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında polis
əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı
narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə
cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop
maddə çıxarılıb.
Ölkəboyu narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar
fasiləsiz davam etdirilir.