
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər
Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə
Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini
Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş
Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar,
eləcə də, Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani
ilə birgə 21–22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinə
səfər edib.
Trend
xəbər verir ki, əvvəlcə Şuşa şəhərində olan qonaqlar Heydər
Məmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər
tarixi-mədəni abidələri ziyarət ediblər.
Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkar
təbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb.
Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir
irs nümunəsi kimi dəyərləndiriblər.
Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı
ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib
və Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq
onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil
müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında
ətraflı danışılıb.
Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyata
keçirilən elmi-tədris prosesi, akademik mühit və inkişaf
perspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri Universitetin
müasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksək
qiymətləndirib, burada formalaşan təhsil mühitinin regionun
intellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə də
gələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbət
yanaşıblar.
Səfər çərçivəsində nümayəndələr Xankəndi şəhərinin mərkəzində
yerləşən memarlıq abidələrinə, mədəniyyət ocaqlarına və digər
tarixi məkanlara da baxış keçiriblər. Qonaqlar Xankəndidə aparılan
bərpa və inkişaf işlərini təqdirlə qarşılayıb, şəhərin həm tarixini
qoruyan, həm də müasirliyə inteqrasiya olunan simasını yüksək
qiymətləndiriblər.

