Cənubi Qafqaza illüziya yox, sülh lazımdır

Baş səhifə

Bakı. Trend:

8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsi sadəcə növbəti
diplomatik addım deyil, region siyasətində sistemli dönüş nöqtəsi
oldu. Bu hadisə Cənubi Qafqaz üçün təhlükəsizlik modelinin
dəyişdiyini və uzun müddət davam edən qeyri-müəyyənlik
vəziyyətindən çıxışı təsdiqlədi. Əgər üç onillik ərzində Ermənistan
öz kimliyini və xarici siyasətini Azərbaycanın əleyhinə qarşıdurma
ideyası üzərində qururdusa, indi İrəvan bu kursun məhdudiyyətlərini
etiraf etməyə məcburdur.

Söhbət taktiki düzəlişdən deyil, bütün siyasi paradiqmanın dərin
transformasiyasından gedir. Bəyannamə yeni oyun qaydalarının
institusionallaşdırılması prosesini açdı. Bu qaydalar çərçivəsində
hərbi üstünlük və separatçı layihələr artıq təsir aləti deyil. Öz
torpaqlarına nəzarəti bərpa etmiş Azərbaycan üçün bu, faktiki
olaraq formalaşmış vəziyyətin beynəlxalq hüquqi müstəvidə
möhkəmlənməsidir. Ermənistan üçün isə bu, dövlətçiliyin 1990-cı
illərin əvvəlindən üzərində dayandığı ideoloji əsasları yenidən
nəzərdən keçirmək zərurətidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları
könüllü dərk yox, baş vermiş faktı məcburi qəbulun simptomu idi.
Onun cəmiyyətə ünvanladığı “sülh və ya sülhsüzlük” dilemması gizli
ultimatum elementləri daşıyırdı. Əslində, baş nazir açıq
bildirirdi: Azərbaycanla sülh müqaviləsinin şərtlərinin qəbulu
strateji təcrid və yeni münaqişələrin qarşısını almağın yeganə
alternatividir.

Paşinyanın onilliklər boyu romantikləşdirilmiş mübarizə simvolu
kimi təqdim edilən “Qarabağ hərəkatı”nın ləğv edilməsinin
vacibliyini etiraf etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Elmi
baxımdan bu, Ermənistan siyasətinin ideoloji sementi olmuş mifoloji
narrativin sökülməsi kimi qiymətləndirilə bilər. Həmin narrativ
təkcə legitimliyini itirmədi, həm də destruksiyanın mənbəyinə
çevrildi, 2020-ci ildə hərbi məğlubiyyətə, 2023-cü ildə isə
fəlakətli nəticələrə gətirib çıxardı.

Paşinyanın “Ermənistan vətəndaşları inqilab etməyib” ifadəsi
konsensusun yox, siyasi subyektliyin dərin böhranının
göstəricisidir. Ermənistan cəmiyyəti demoralizasiya və tükənmə
əlamətləri göstərir. Azərbaycanla uzunmüddətli münaqişə
iqtisadiyyatın xroniki durğunluğu ilə müşayiət olunub: 2023-cü ildə
ÜDM artımı 1,5%-dən aşağı idi, illik miqrasiya isə yenidən 50 min
nəfəri keçdi. Xarici borcun ÜDM-də payı 63%-ə yaxınlaşdı ki, bu da
manevr imkanlarını kəskin məhdudlaşdırır.

2024-cü ilin sonundakı sorğular paradoksal mənzərəni üzə
çıxardı: Paşinyana etimadın azalmasına baxmayaraq, onun reytinqi
hələ də müxalifətdən yüksəkdir. Bunun səbəbi struktur vakuumunda
yatır – müxalif qüvvələr nə modernləşmə üçün alternativ layihə, nə
də Azərbaycanla real sülh yanaşması təklif edə bilir. Bu faktor
siyasi inersiyanı izah edir: elektorat mövcud hakimiyyəti real
populyarlığa görə deyil, daha çox “ən az ziyan” prinsipinə görə
dəstəkləməyə davam edir.

2025-ci ilin avqust hadisələri fundamental keçidi təsbit edir:
münaqişə ideologiyasından sülhə məcburiyyətə. Vaşinqton Bəyannaməsi
təkcə danışıqlar prosesinin çərçivəsi yox, həm də yeni regional
memarlığın başlanğıc nöqtəsi oldu. Bu memarlıqda Azərbaycan mərkəzi
aktora çevrilir. Ərazi mübahisəsini siyasi alətə çevirməklə gündəmi
diktə etmək imkanını itirmiş Ermənistan isə yeni modelə uyğunlaşmaq
məcburiyyətindədir – elə bir modelə ki, burada siyasi resurs tarixi
miflərlə deyil, iqtisadi inteqrasiya və institusional modernləşmə
qabiliyyəti ilə müəyyən edilir.

Nikol Paşinyanın Ermənistanda siyasi nəzarəti qoruyub saxlaması
təkcə müxalifət qüvvələrinin zəifliyi ilə deyil, həm də ölkənin
institusional arxitekturasının xüsusiyyətləri ilə bağlıdır. Serj
Sarqsyan dövründə təsbit edilmiş seçki qanunvericiliyi mandat
bölgüsü sistemini nəzərdə tutur ki, burada nisbətən çox səs
toplamış partiya sabit parlament çoxluğu formalaşdıra bilir.
Nəticədə “gücləndirilmiş disproporisiya” fenomeni ortaya çıxır:
45–50% seçici dəstəyi parlamentdə 60–65% nəzarətə çevrilir. Bu
disbalans hakimiyyət dəyişikliyinin demokratik mexanizmlərinin
effektivliyini azaldır və iqtidara qarşı koalision təzyiq
imkanlarını minimuma endirir.

Müxalifət, o cümlədən, “Qarabağ klanı” və keçmiş hakimiyyətlə
assosiasiya olunan partiyalar həssas vəziyyətdə qalır. Onların
etiraz potensialı məhduddur, çünki sosial bazaları daralır.
İrəvanda kütləvi etiraz səfərbərliyi müşahidə olunmur: küçə
aksiyaları lokal xarakter daşıyır və əsasən münaqişədən ən çox
zərər çəkmiş qrup olan Qarabağdan gələnlər tərəfindən təşkil
olunur. Bu çıxışlar strukturlaşmış siyasi çağırışdan daha çox
kollektiv məyusluq və marginalizasiya hissinin ifadəsi kimi
görünür. Son illərin sorğularına görə, Ermənistan əhalisinin
60%-dən çoxu keçmiş elitaların hakimiyyətə dönüşünü qəbulolunan
alternativ kimi görmür.

Belə vəziyyət Paşinyan hökuməti üçün “imkan pəncərəsi” açır.
Güclü daxili təzyiqin olmaması hakimiyyətə daxili elektorat
baxımından populyar olmayan, lakin xarici siyasətin və
təhlükəsizliyin praqmatik tələblərinə cavab verən qərarlar qəbul
etməyə imkan yaradır. Xüsusilə söhbət Azərbaycana qarşı revanşist
yanaşmalardan imtina tələb edən sülh prosesindən gedir. Küçə
təzyiqinin azalması və müxalifətin məhdud resursları İrəvana
strategiyanı korrektə etmək imkanı verir, özü də dərhal daxili
destabilizasiya riski olmadan.

Bu transformasiyanın əsas amili Rusiyanın təsirinin zəifləməsi
oldu. Üç onillik ərzində Moskva Ermənistan üçün təhlükəsizlik
təminatçısı kimi çıxış edib, ölkədə hərbi mövcudluğunu qoruyub
saxlayıb və regiondakı qüvvələr balansını nəzarətdə saxlayıb. Lakin
Rusiyanın Ermənistanın hərbi məğlubiyyətlərinin qarşısını ala
bilməməsi və müttəfiqlik öhdəliklərini təmin etməməsi həm
cəmiyyətdə, həm də elitalar arasında inamı sarsıtdı.

Regional araşdırmaların məlumatına görə, Ermənistanda Rusiyaya
ictimai etimad 2020–2024-cü illər ərzində təxminən 40% azalıb.
Paşinyanın “Vaşinqton Bəyannaməsi”ndə ifadə olunan xarici siyasət
kursu ölkənin təhlükəsizliyini yeni mənbələrə – ABŞ-yə, Avropa
İttifaqına və perspektivdə NATO-ya yönəltmək cəhdini göstərir. Bu
sənəd sadəcə diplomatik akt deyil, həm də onilliklər boyu Rusiyanın
status-kvonu qoruduğu xarici siyasət matrisinin yenidən nəzərdən
keçirilməsinin rəmzinə çevrildi.

Rusiyanın təsirinin eroziyası Ermənistanın daxili siyasəti üçün
birbaşa nəticələr doğurur. Ən əvvəl, bu, ənənəvi olaraq revanşist
meyillərin təminatı kimi “şimal faktoruna” istinad edən müxalifətin
resurslarını zəiflədir. Moskvanın rolunun azalması və antirusiya
əhval-ruhiyyəsinin artması şəraitində onların elektoratı səfərbər
etmək imkanları daha da məhdudlaşır.

Yeni regional konfiqurasiya formalaşır. Bu şəraitdə Bakı və
İrəvan birbaşa danışıqlar aparmaq üçün daha geniş imkan qazanır.
Keçmişdə münaqişəni nəzarət aləti kimi saxlamaqda maraqlı olan
Rusiyanın təzyiqinin olmaması sülh prosesinin sürətlənməsi
ehtimalını artırır.

Beynəlxalq müqavilələrdən danışarkən çox vaxt diqqət yalnız
formal sənədlərə, diplomatik mətnlərə və onların icra
mexanizmlərinə yönəlir. Halbuki münaqişələrin öyrənilməsi üzrə elmi
praktika – Con Qaltunqdan Barri Buzana qədər – göstərir ki, sülhün
real dayanıqlığı təkcə hüquqi konstruksiyadan yox, həm də
cəmiyyətin müharibə vəziyyətindən sülh vəziyyətinə psixoloji keçidi
bacarmasından asılıdır.

Bosniya, Ruanda və ya Şimali İrlandiya kimi etnokonfliktlərin
təcrübəsi sübut edir: hətta sülh sazişləri imzalandıqdan sonra da
sosial toxuma müqavimət göstərməyə davam edir. Kollektiv miflər,
travmatik yaddaş, milli narrativlər – bütün bunlar
konfliktologiyada “müharibə mədəniyyətinin inersiyası” adlanan
fenomeni yaradır. Məhz bu aspekt bu gün Ermənistan üçün
Azərbaycanla sülh prosesində ən böyük çağırışdır.

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında
“`Qarabağ hərəkatına son qoymaq” zərurətini vurğuladı. Bu sözləri
mental rekonstruksiya elementi kimi – onilliklər boyu “Qarabağ
uğrunda mübarizə” mobilizasiya mifini dəstəkləmiş ideoloji karkasın
sökülməsi cəhdi kimi qiymətləndirmək olar. Maraqlıdır ki,
Paşinyanın özü həmin mifi “Ermənistanın suverenliyini,
dövlətçiliyini və müstəqilliyini sarsıdan rahat qaldırac”
adlandırdı.

Əslində bu, Qarabağ mövzusunun uzun illər erməni elitaları
tərəfindən milli təhlükəsizlik məsələsi kimi yox, daxili siyasi
konsolidasiyanın aləti kimi istifadə edildiyinin etirafıdır. Bənzər
mexanizmləri biz digər postmünaqişə cəmiyyətlərində də görmüşük –
Miloşeviç dövrünün Serbiyasından tutmuş 1990-cı illərin
əvvəllərinin Xorvatiyasına qədər, burada etnopolitik narrativlər
cəmiyyət üzərində nəzarətin rıçağı rolunu oynayırdı.

Fəqət “yeni siyasətin” memarı belə köhnə təsəvvürlərin girovu
olaraq qalır. Paşinyanın ermənilərin Qarabağa qayıdışının
mümkünsüzlüyü ilə bağlı bəyanatları və yaxud Azərbaycanın
penitensiar sisteminin guya qərəzli xarakter daşıması barədə
iddiaları qalıq kognitiv deformasiyanın mövcudluğunu göstərir. Bu,
prosesin mürəkkəbliyini əks etdirir: lider siyasi kursun
modernləşməsini elan edə bilər, amma onun reallığı qavrayışı hələ
tam şəkildə postmünaqişə məntiqi ilə sinxronlaşmayıb.

Bu daxili ziddiyyətlər dialoqu ciddi şəkildə ləngidir. Çünki
müqavilə mətni özü-özlüyündə onun icrasına təminat vermir – ictimai
şüurun transformasiyası olmadan istənilən sülh aktı həssas qalır.
Bu mənada dayanıqlı sülhün əsas şərti Ermənistan cəmiyyətində yeni
reallığı qəbul etməyə psixoloji hazırlığın formalaşmasıdır. Bu
reallıq isə Qarabağın Azərbaycanın tanınmış hissəsi olması və
keçmiş düşmənlərin regionun qonşuları kimi qəbul edilməsidir.

Vaşinqton Bəyannaməsi başlanğıc nöqtəsi kimi qəbul edilə bilər,
lakin heç bir halda prosesin son mərhələsi deyil. Beynəlxalq
sazişlərin tarixi göstərir ki, sərhədlərin hüquqi təsbiti yalnız
başlanğıcdır. Məsələn, Misir və İsrail arasında 1979-cu ildə
imzalanmış sülh müqaviləsi zamanı real barış onilliklər çəkdi və
geniş sosial-mədəni proqramlarla müşayiət olundu.

Ermənistan üçün destruktiv ideologiyadan imtina təkcə xarici
siyasət məsələsi deyil, həm də dövlətin daxili konsolidasiyası
məsələsidir. Köhnə miflərin saxlanması siyasi parçalanma və
institusional zəifliyin dərinləşməsi riskini daşıyır. Əgər cəmiyyət
münaqişədən milli ideya kimi imtina etmək kimi çətin, amma zəruri
prosesi keçə bilsə, Ermənistan dövlətçiliyi uzunmüddətli
dayanıqlılıq şansı qazana bilər.

Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bu gün sabitlik faktoru
rolunu oynayır. Onun marağında strateji dözümlülük nümayiş
etdirmək, erməni ictimai şüurunda yeni travmalara səbəb ola biləcək
addımlardan çəkinmək dayanır. Söhbət mürəkkəb balansdan gedir: bir
tərəfdən, suveren mövqeyini qətiyyətlə müdafiə etmək, digər
tərəfdən isə normallaşma prosesini institusional dəstək ilə
müşayiət etməyə hazır olmaq.

Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi nə
“qələbə”, nə də “kapitulyasiya”dır. Bu, yeni geosiyasi reallığın
məcburi tanınmasıdır. Bu reallıqda Cənubi Qafqaz “dondurulmuş
münaqişə” rejimindən çıxaraq regional inteqrasiya mərhələsinə keçə
bilər. Uğur ondan asılı olacaq ki, Ermənistan daxili baryerləri aşa
biləcəkmi, Azərbaycan isə strateji səbr göstərə biləcəkmi.

Cəmiyyətin psixoloji hazırlığı – çox vaxt nəzərdən qaçırılan,
amma həlledici amildir. Ermənistan cəmiyyəti keçmişdən imtinanın
ağrılı, amma zəruri mərhələsini yaşamadan formal sazişlər kövrək
qalacaq. Yalnız bundan sonra Cənubi Qafqaz hüquq, qarşılıqlı
tanınma və iqtisadi qarşılıqlı asılılıq üzərində illüziya yox, real
sülh gələcəyi qurmaq şansı əldə edə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir