
Bakı. Trend:
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin
Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə üçüncü
dəfə Laçın Şəhəri Günü keçirilir.
Trend
xəbər verir ki, builki Şəhər Günü Laçın üçün xüsusilə əlamətdardır.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli
qərarına əsasən, Laçın bu il “MDB-nin mədəniyyət paytaxtı”
missiyasını daşıyır.
Şəhər Günü çərçivəsində Laçın Azərbaycan da daxil olmaqla
MDB-nin bəzi ölkələrindən yaradıcı gəncləri bir araya gətirib.
Azərbaycanın bu dilbər guşəsi “MDB ölkələrinin Gənclər
Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”nə ev
sahibliyi edir.
Hər iki layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə
reallaşır.
Avqustun 26-da Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən
gənclərin iştirakı ilə “Mədəni və yaradıcı sənayelərdə gənclər
dalğası” mövzusunda panel müzakirə təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev
tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi
şərait yaradıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda
mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır,
gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir.
Şöbə müdiri deyib ki, Azərbaycan MDB ölkələri arasında mədəni
əməkdaşlığın inkişafına öz töhfəsini verir, bu məqsədlə müxtəlif
layihələr həyata keçirilir.
Bu il “MDB-nin mədəniyyət paytaxtı” olan Laçında Şəhəri Günü
çərçivəsində MDB ölkələrindan yaradıcı gənclərin bir araya gəlməsi
bunun göstəricisidir. Bu qəbildən layihələr MDB ölkələrinin
gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun
güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına
töhfə verəcək.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının
sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun
nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqaları çıxış edərək
ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında
danışıblar.
Daha sonra tədbir diskussiya şəklində davam edib. Gəncləri
maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər
təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə
reallaşdırılan layihələrdən söz açıblar.
Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının
sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları
və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı
təqdim olunacaq.