
Bakı. Trend:
Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı
sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması
məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal
Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir.
İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı
sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra
olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə
fasiləsiz olaraq təminatını həyata keçirməkdir.
Trend xəbər
verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində içməli su şəbəkəsinin ümumi
uzunluğu 348 kilometrdir.
İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su
anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki,
bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda
sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon
ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ
aradan qaldırılır.
Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən
işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi
tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqon metr
müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti
isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon
metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir
olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd
yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki
təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya
olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib.