
Bakı. Trend:
Milli Müdafiə Universiteti Türkiyə Tibb Elmləri Universiteti və
Azərbaycan Tibb Universitetinin ixtisasları üzrə tələbə qəbulu elan
edir.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, cari ildə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul
imtahanından 600 və daha yuxarı, I, II və III ixtisas qrupları üzrə
keçirilmiş qəbul imtahanlarından 450 və daha yuxarı bal toplamış və
təhsillərini aşağıda qeyd olunan ali təhsil müəssisələrində davam
etdirmək istəyən kişi cinsli abituriyentlər 29 avqust 2025-ci il
tarixindək Heydər Əliyev adına Hərbi İnstituta müraciət edə
bilərlər:
IV ixtisas qrupu:
- Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə
Tədris Araşdırma Xəstəxanasında “Hərbi tibb” ixtisası üzrə; - Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində “Hərbi
tibb”, “İctimai Səhiyyə” və “Əczaçılıq” ixtisasları üzrə boş qalan
plan yerləri.
I, II və III ixtisas qrupu:
- Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru
Qoşunları üzrə ali hərbi təhsil müəssisəsində (Ankara şəhəri) I, II
və III ixtisas qruplarından müraciət edənlər üçün; - Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Hərbi
Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üzrə ali hərbi təhsil
müəssisələrində (İstanbul şəhəri) I ixtisas qrupundan müraciət
edənlər üçün.

