Laçın şəhəri gününün təsis edilməsi: Azərbaycanın Zəfərinin daha bir təntənəsi

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan tarixində mühüm və əlamətdar bir hadisədir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı
sərəncama əsasən 26 avqust Laçın şəhəri günü elan edildi. Bu qərar
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təcəssümü,
xalqımızın birliyinin və mübarizə əzminin rəmzi kimi
dəyərləndirilir.

Bu sözləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova
deyib.

Deputat qeyd edib ki, Laçın şəhəri gününün təsis edilməsi milli
yaddaşın möhkəmləndirilməsi, gələcək nəsillərə qürurverici bir
tarix miras qoyulması baxımından mühüm addımdır:

“Laçın Azərbaycanın dilbər guşələrindən biridir. 44 günlük Vətən
müharibəsində tarixi Zəfər nəticəsində 28 il işğal altında qalan
Laçın azadlığa qovuşdu və minlərlə laçınlının uzun illər çəkdiyi
yurd-yuva həsrəti sona çatdı. Bu böyük qələbə Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi
iradəsi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində
mümkün oldu”.

Deputat bildirib ki, Laçının işğaldan azad olunması təkcə bir
rayonun qaytarılması deyil, həm də ölkənin suverenliyi və ərazi
bütövlüyünün tam bərpası baxımından strateji əhəmiyyət daşıyır:




“Laçının azad edilməsi ilə Azərbaycanın beynəlxalq səviyyədə
tanınan sərhədləri tam bərpa olundu. Bu hadisə Azərbaycan tarixində
əbədi qalacaq, çünki bu gün dövlətimizin gücünü, ordumuzun
qüdrətini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir”.

Afət Həsənova vurğulayıb ki, bu gün Laçın yeni həyatına
qovuşur:

“Laçın dirçəlir, müasir infrastruktur layihələri həyata
keçirilir, yeni evlər, məktəblər, yollar tikilir. Ən önəmlisi isə
laçınlıların öz doğma yurdlarına qayıdışı təmin edilir. Bu həm
insanlarımızın həyatında, həm də Azərbaycanın dövlətçilik tarixində
yeni bir mərhələnin başlanğıcıdır”.

Deputatın sözlərinə görə, 26 avqustun Laçın şəhəri günü kimi
qeyd edilməsi həm də xalqımızın gələcəyə inamını daha da
gücləndirir:

“Bu gün biz təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın
suverenliyinin, azadlığının və müstəqilliyinin təntənəsini bayram
edirik”.