Məktəbli çantası neçəyə başa gəlir?

Baş səhifə

Bakı. Trend:

Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni
dərs ilinə hazırlayırlar.

Trend-in
əməkdaşı məktəb ləvazimatlarının qiymətlərini və müştərilərin
hazırkı alıcılıq maraqlarını araşdırıb.

Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan
dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə
ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar
isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə
45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki,
bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü
dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında
dəyişir.

Kitab və dəftər üzləri 10-30 qəpik arası müştərilərə təqdim
olunur. Qələmlərin qiymətləri isə 30 qəpikdən başlayır.

Satıcıların sözlərinə görə, bu il qiymətlərdə müəyyən artımlar
olsa da, bazarda həm seçim, həm də alıcılıq gücü var. Satıcılar
deyir ki, qiymətlər normaldır. Mərkəzi bazarda məktəb ləvazimatı
satan sahibkarlardan biri olan Rauf bəy qiymət artımlarının ciddi
olmadığını bildirib:

“Keçən ilə nisbətən dəftərlərdə və qələmlərdə cəmi 5-10 qəpik
bahalaşma var. Məktəbli çantalarında isə 2-3 manat fərq müşahidə
olunur. Fikrimcə, bu artım normaldır, çünki məhsulların maya dəyəri
də dəyişib”.

Başqa bir satıcı, Nigar xanım isə keyfiyyət fərqlərinin
qiymətlərə birbaşa təsir etdiyini bildirir:

“Ucuz çantalar 25-30 manatdan başlayır, amma keyfiyyətli brend
çantalar 80-100 manata qədər qalxır. Hətta 110 manata belə çanta
var. Valideynlər, əsasən, orta qiymət aralığını seçirlər. Bununla
belə keyfiyyətli məhsula üz tutanlar da kifayət qədərdir”.

Dəftərlərin qiymətləri isə daha çox vərəq sayına görə
dəyişir.




Satıcı Elçin bəy bununla bağlı deyir ki, sadə dəftərlər 20
qəpikdən başlayır, amma vərəqlər artdıqca qiymət də artır:

“Daha keyfiyyətli, qalın kağızlı dəftərlər 1 manatdan 1 manat 24
qəpiyə qədər yüksəlir. Keyfiyyəti daha aşağı olan dəftərlər isə
daha ucuzdur. Yəni hər büdcəyə uyğun məhsullar bazarda yerini
alır”.

Bəs valideynlər bu barədə nə deyir?

Valideynlər isə qiymət artımlarının ailə büdcəsinə təsir
etdiyini vurğulayırlar. Üç uşağı məktəbə gedən Vüsalə xanım deyir
ki, orta hesabla 100 manat xərcləyib:

“Amma bu, sadəcə dəftər-qələm, çanta və digər ləvazimatlara
aiddir. Əvvəlki illərdən bilirik ki, bu ləvazimatlar ancaq bir neçə
ay kifayət edir. Dərs ili boyunca əlavə xərclərimiz də olacaq”.

Digər bir valideyn, Kamran bəy əlavə vəsait tələb edən test
dəftərlərinin problem yaratdığını söyləyir:

“Şagirdlərdən əlavə olaraq sinif testlərini də tələb edirlər.
Qiymətləri o qədər də baha olmasa da, əlavə xərcdir”.

Nigar xanım isə qiymət artımlarına baxmayaraq, övladlarını
keyfiyyətli məhsullarla təmin etməyə çalışdıqlarını deyir:

“Ucuz dəftər alsan, keyfiyyətli olmur, qələmlər də keyfiyyətsiz
olanda uşaqlar rahat yaza bilmir. Ona görə məcbur qalıb nisbətən
yaxşı məhsul seçirik. Düzdür, bu, büdcəyə əlavə yükdür, amma
uşaqların təhsili üçün qənaət etməyə də ürəyin gəlmir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir