Zəfər və Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi – Əli Əsədov

Baş səhifə

Bakı. Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və
Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ
Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.

Trend xəbər
verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham
Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir
Əli Əsədov deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyanın diqqət
mərkəzində olan triumfal Vaşinqton səfəri ölkəmizin beynəlxalq
siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı,
regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni
perspektivlər açır”, – o qeyd edib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin dünyanın ən
qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ evdə Prezident Donald
Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə
qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət
və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi
açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika
Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və
liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və
Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ
Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi. Səfər
çərçivəsində imzalanmış tarixi sənədlər bir tərəfdən
Azərbaycan-Amerika münasibətlərinin yeni inkişaf mərhələsinə və
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, digər tərəfdən də
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin
təməlini qoymaqla Azərbaycan və region üçün son dərəcə taleyüklü
məsələlərin həllinə xidmət edir”.

“8 noyabrdan sonra 8 avqustda növbəti tarixi hadisəyə bütün
dünya və biz şahidlik etdik: “Azərbaycanın diplomatiya tarixinə
qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkəmizin uzun, çətin, amma
şərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev
tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının
hədəflərinə nail olması ilə əlamətdar oldu.

Bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin,
yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və
prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük
uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir.
Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün
torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin
edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda
beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır.

Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı
sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı
tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet
kimi irəli sürür. Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi
əhəmiyyət kəsb edir”, – o qeyd edib.