Səyyar Gənclər Xidməti bu dəfə Goranboy gəncləri üçün fəaliyyətə başlayıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində
gerçəkləşdirilən “Səyyar Gənclər Xidməti” bu dəfə Goranboy
rayonunda öz missiyasını davam etdirir. “Suveren dövlət,
vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə 25-29 avqust
tarixlərində rayon gənclərinə xidmət göstərəcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkənin
müxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılan
layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında
qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin
dəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə daha
geniş şəkildə təqdim etməkdir. Eyni zamanda, layihə gənclərin
Vətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və milli-mənəvi
dəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verməklə yanaşı,
dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yeni
təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasını
hədəfləyir.

Səyyar Gənclər Xidmətinin Goranboydakı açılış mərasiminin rəsmi
hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Goranboy Rayon İcra
Hakimiyyətinin başçısı Məhərrəm Quliyev öz çıxışlarında layihənin
gənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onların
dövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosial
mühitdə daha güclü gənc kimi formalaşmalarına şərait yaratdığını
bildiriblər.




Açıq hava şəraitində keçirilən layihənin zəngin proqramı
çərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası, eləcə də Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrə
maarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilən
müxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsi
inkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekt
texnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat
tərzi barədə faydalı biliklər əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı
gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və
karyera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılara
yaradıcılıqlarını nümayiş etdirmək, intellektual potensiallarını
artırmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş şərait
yaradıb. Bu zonalarda gənclər interaktiv təlimlərdə, vörkşoplarda,
intellektual yarışlarda, sərgilərdə və master-klasslarda fəal
iştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlar
və digər əyləncəli fəaliyyətlər isə gənclərin həm asudə vaxtlarını
səmərəli dəyərləndirməsinə, həm də yeni dostluqlar quraraq ünsiyyət
bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Günün sonunda
xüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltif
olunublar.

Qeyd edək ki, bu ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhər
və rayonunu, eyni zamanda ən ucqar kəndlərini əhatə edəcək olan
“Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının
Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və
Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə
həyata keçirilir.