Azərbaycanla İran arasında ticarət əməliyyatları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslam
Respublikası arasında ticarət əməliyyatlarının həcmi 353,4 milyon
ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 6,3 milyon ABŞ dolları və ya 1,8% çoxdur.

Hesabat dövründə İran ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 1,22%-i həcmində olub.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan İrana 6,9 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü
ilə müqayisədə 798 min ABŞ dolları və ya 10,4% azdır.




Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında İrandan
Azərbaycana 346,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 7,1 milyon ABŞ dolları və ya
2,1% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan
xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.