“Baku Network” analitik mərkəzində “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində daha bir tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə həyata keçirdiyi “Hibrid və ideoloji təhdidlərin
təhlili” layihəsi üzrə növbəti tədbir baş tutub.

Trend xəbər
verir ki, toplantıda “Baku Network”ün rəhbər şəxsləri və ekspert
üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Elçin Ağacanov
vurğulayıb ki, layihəyə müxtəlif ekspertlərin cəlb olunması
prosesin birgə fəaliyyət üzərində qurulmasına xidmət edir:

“Bu gün Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdən biri
beynəlxalq müstəvidə sözünü demək, haqq səsini çatdırmaq, milli
maraqları qorumaqdır. Sadəcə ölkə daxilində tədbirlər keçirmək,
müzakirələr aparmaqla kifayətlənmək olmaz. Azərbaycan həqiqətləri
beynəlxalq tribunalarda səslənməli, Avropa diplomatiyasında, dünya
mediasında, beynəlxalq ekspert dairələrində işıqlandırılmalıdır.
Əgər bu həqiqətlər orada istinad mənbəyinə çevrilmirsə, deməli,
hələ görüləcək çox iş var.

Müasir dövrdə hər bir sahənin öz ekspertizasına, öz
metodologiyasına ehtiyac var. Kimisi beynəlxalq hüquqdan çıxış
edir, kimisi informasiya texnologiyalarında təcrübə toplayıb,
kimisi politologiyada, kimisi isə strateji kommunikasiya sahəsində
mütəxəssisdir. Onların hamısının bilik və bacarıqları birləşəndə
ümumi işin nəticəsi də daha güclü olur.

Çünki bir millətin müdafiəsi yalnız silahla deyil, sözlə, ideya
ilə, arqumentlə, faktlarla həyata keçirilir.

“Biz birlikdə daha güclüyük” – bu sadəcə şüar deyil, praktik
fəaliyyətin fəlsəfəsidir. Çünki bir nəfərin səsi lokal ola bilər,
amma onlarla, yüzlərlə ekspertin səsi beynəlxalq müstəviyə
yayıldıqda artıq bu, qüvvəyə çevrilir. Məhz bu birliyin nəticəsidir
ki, Azərbaycan informasiya blokadasını yararaq, haqq işini dünyaya
qəbul etdirə bilib. Bu, təkcə diplomatiyanın uğuru deyil, həm də
vətəndaş cəmiyyətinin, ekspertlərin və ziyalıların sistemli
fəaliyyətinin nəticəsidir.

Ən əsası isə bu mübarizə yalnız bu gün üçün deyil, gələcək
nəsillər üçün aparılır. Dövlətin təhlükəsizliyini təmin etmək,
gələcək nəsillərə güclü, müstəqil və nüfuzlu Azərbaycan ötürmək hər
birimizin borcudur. Bu missiya isə yalnız birlikdə mümkün ola bilər
– fərqli sahələrin peşəkarlarının birgə gücü, sinxron fəaliyyəti,
ortaq amal naminə əməkdaşlığı ilə”.

“Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini,
“Baku Network”ün layihə direktoru Sahil Kərimli isə çıxışında qeyd
edib ki, mərkəzin imkanları kifayət qədər genişdir:

“Əsas məsələ resursların düzgün istiqamətə yönəldilməsidir.
Bugünkü tədbirimizin mövzusu hibrid və ideoloji təhlükələrdir.
Azərbaycana qarşı bu tip təhdidlər işğal dövründə də, müharibə
zamanı da, indi də mövcuddur və gələcəkdə də davam edəcək. Bu
təhdidlər, əsasən, cəmiyyətin bütün nəsillərinə, xüsusilə gənclərə
və həssas təbəqələrə yönəlib. Ona görə də daha çox müdafiəyə yox,
hücuma fokuslanmalıyıq. Yalnız təşkilatlanmaqla bu ideoloji
hücumlara qarşı effektli mübarizə aparmaq mümkündür”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Xəyal Bəşirov çıxışında hibrid müharibələrin Azərbaycan üçün ən
ciddi çağırışlardan biri olduğunu diqqətə çatdırıb:

“İşğal dövründə ölkəmiz informasiya blokadasında saxlanılırdı,
nəticədə dünyanın əksəriyyəti kimin torpaqlarının işğal olunduğunu
belə bilmirdi. Hibrid müharibələr klassik hərbi müharibədən qat-qat
təhlükəlidir. Təhlükənin mənbəyi hər hansı bir ölkə ola bilər.
Təəssüf ki, bu sahədə QHT-lərin fəaliyyəti hələ zəifdir”.

Siyasi şərhçi Turab Rzayev bildirib ki, müxtəlif bacarıq və
düşüncəyə malik şəxslərin ortaq amal uğrunda bir araya gəlməsi
mühüm hadisədir:

“Əsas məsələ bütün fikirlərin eyni olması deyil, bu fikirlərin
hansı amal naminə səsləndirilməsidir. Bizim amalımız daha inkişaf
etmiş, təhlükəsiz dövlətdə yaşamaq və bu ölkəni gələcək nəsillərə
əminliklə ötürməkdir. Bu məqsədə yalnız birgə fəaliyyətlə nail ola
bilərik. Dünya xalqları yüzillərlə davam edən inam əsasında
möhkəmlənib. Biz də öz rolumuzu dəqiq müəyyənləşdirməli və
imkanlarımızı maksimum səfərbər etməliyik”.

Politoloq Samir Hümmətov isə koordinasiyanın zəruriliyini xüsusi
qeyd edib:

“Bəzən kiçik görünən məsələlərə səthi yanaşırıq. Amma bu cür
problemlər həll olunmadıqca böyüyür və daha ciddi təhlükəyə
çevrilir. Bu gün inkişaf etmiş ölkələrdə yalnız sənaye deyil, ağıl
və texnologiya da ön plandadır. Dünyada yəhudilər ən ağıllı
xalqlardan hesab olunur – onlar düşünür, istehsal edir və nəticə
ortaya qoyurlar. Ayrılıqda hər birimiz iş görə bilərik, amma
birlikdə daha böyük effekt əldə edə bilərik”.

Qeyd edək ki, “Baku Network” 2025-ci ilin may–avqust ayları
ərzində “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili”
layihəsini icra edir. Layihəyə dövlət qurumlarının dəstəyi ilə
beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.

Layihənin əsas məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq
reputasiyasına və strateji maraqlarına qarşı yönəlmiş
informasiya-psixoloji hücumların – media kampaniyalar,
dezinformasiya, ideoloji təsirlər və digər təhdidlərin –
mənbələrini aşkar etmək, onların qarşısında sistemli yanaşma ilə
effektiv mübarizə aparmaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir