
Bakı. Trend:
Ölkəmizin strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi
Qafqaz regionları arasında təbii açar və körpü rolunu oynaması bir
sıra iqtisadi layihələrin həyata keçirilməsində əvəzedilməz rol
oynayır.
Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər
Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr
olunmuş xüsusi iclasda bildirib.
“Ölkəmizin belə bir mövqe qazanmasına Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların
qorunması yolunda nümayiş etdirdiyi qətiyyət və beynəlxalq nüfuzu
nəticəsində nail olunub.
Dövlətimizin bu tarixi nailiyyətlərinin əldə edilməsində
Prezidentin ən yaxın silahdaşı, Azərbaycanın Birinci
vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın rolu
danılmazdır.
Birinci vitse-prezident Mehriban Əliyevanın dünyada Azərbaycan
həqiqətlərinin təbliği və ölkəmizin beynəlxalq nüfuzunun
formalaşdırılmasında, Azərbaycanın milli maraqlarının qorunması ilə
şərtləndirilən sülh gündəliyinin bölgədə bərqərar olunmasında rolu
əvəzsizdir”, – o qeyd edib.