II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası
Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil
etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri
kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər
Forumunun bağlanış mərasimi olub.

Trend xəbər verir
ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumun
mövzusu – “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun
elçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu. İştirakçıların
fikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhün
davamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər,
dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsində
əvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı,
Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr apardılar,
müxtəlif baxış bucaqlarını bölüşdülər və bir daha əmin olduq ki,
gənclər yalnız gələcəkdə deyil, həm də bu gün multikultural dünyada
sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı
Xankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhün
davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması
zərurətini simvolizə edir.

“Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın
müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan
nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada
multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik
həyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənov
vurğulayıb.

İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük,
radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi
ciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki,
gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolun
önündə getməyə qadirdirlər.

Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan
hökuməti üçün əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Prezident İlham
Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlər
keçirildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, bir neçə gün ərzində forum iştirakçıları ölkəmiz
haqqında dolğun məlumatlar əldə etdilər.

ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm
Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə
sadiqlik ruhlandırıcı və təqdirəlayiq haldır. Gənclərin enerjisi və
dərin bağlılığı bu toplantını mənalı və təsirli hadisəyə
çevirdi.

“Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmış
əsas dəyərdir və ISESCO-nun missiyasının mərkəzi sütunudur. ISESCO
uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun
müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və
Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa,
mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin
həyata keçirilməsində fəal iştirak edir.

Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin
və ümumi dəyərlərin gücünün sübutudur. Bu, həqiqətən də, təkcə
iştirak baxımından deyil, həm də söhbətlərin dərinliyi, əməkdaşlıq
ruhu və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlik
baxımından böyük uğurdur”,- deyə M. Qafarzadə vurğulayıb.

Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru
Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab
Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı
olduğunu bildiriblər. Onlar gənclərin müxtəlif ölkələrindən
olmasına baxmayaraq, müxtəlifliyin problem yox, əslində həll
olduğunu diqqətə çatdırıblar.

Çıxışçılar bu cür faydalı forumu reallaşdırdığına və onlara
göstərilən münasibətə görə Azərbaycan hökumətinə təşəkkür
ediblər.

Sonda forum iştirakçılarına sertifikat və hədiyyələr təqdim
olunub.

“Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri
kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər
Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi
şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək
iştirakçı qatılıb. İştirakçılar Fəxri xiyabanı, Şəhidlər
xiyabanını, Heydər məscidini və Tolerantlıq Evini ziyarət ediblər.
Forum iştirakçıları üçün ICESCO və onun Bakı Regional Ofisinin
rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzi və
Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə
“Müxtəlifliyin gücü: Gənclər sülh və qarşılıqlı anlaşmanın
hərəkətverici qüvvəsi kimi” mövzusunda seminar keçirilib.

İştirakçılar Xankəndi şəhərində aparılan abadlıq-quruculuq
işləri ilə tanış olublar. Onlar BBMM-in şöbə müdiri İrina Kuninanın
“Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri”, Milli
Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin isə
“Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və
Azərbaycan konteksti” mövzusunda mühazirələrini dinləyiblər.

Forum çərçivəsində iştirakçılar “Müasir konfliktlər zamanı
sülhün bərpasında dinin rolu” mövzusunda müzakirələr aparıb,
həmçinin “Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrinin
mədəniyyətlərini təqdim ediblər. Şuşaya ekskursiya zamanı şəhərin
tarixi və mədəni abidələri ilə tanış olublar. Onlar Natəvanın evi,
Bülbülün ev-muzeyi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Vaqifin
məqbərəsi və Cıdır düzündə olublar. Ekskursiya zamanı iştirakçılara
işğaldan sonrakı bərpa və yenidənqurma işləri barədə məlumat
verilib.