
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş
cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.
Trend xəbər
verir ki, bu barədə həmin cinayət işi üzrə Bakı şəhəri Səbail rayon
məhkəməsi tərəfindən qərar qəbul edilib.
İstintaq materiallarında qeyd edilir ki, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə
cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və
vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və
əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, cinayət
yolu ilə əldə edilmiş əmlak dedikdə, Cinayət Məcəlləsində təsbit
edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı
yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya
daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən
virtual aktivlər başa düşülür.
Eləcə də həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya
investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual
aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal
ifadəsidir.
Göstərilənlərə uyğun olaraq, DTX tərəfindən həbs olunmuş B.H.R.
və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni
təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti
olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara
alınmış və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti
təminatçılarına yönəldilmişdir.