
Bakı. Trend:
Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da
avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha
uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək
Naxçıvana daxil olmalıyıq.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Bu, çox narahatlıq və problemlər yaradır. İkinci Qarabağ
müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ
keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən
tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min
fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan
Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və
qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da,
sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma
Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə
bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı
onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək
üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar
salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir
yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik.
Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və
qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş
etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə
cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj
verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz
olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox
məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik
zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin
edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil.
Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul
etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah
Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz
adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda
reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi
uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər
biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün
isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu
tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”, – deyə
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.