Prezident İlham Əliyev: Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və
Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və
təəssüf doğurdu.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki
Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi
rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır.
Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və
onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl
Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə
üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin
təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq
vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini
aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar.
Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə
imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda
eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ
qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan
qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və
mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40
dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı.
İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi.
O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və
bu, faciəvi bir səhv idi.”

Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, sizə yenə də
İkinci Qarabağ müharibəsindən bir misal çəkə bilərəm.

“Müharibənin sonuncu günündə – noyabr ayının 9-da Azərbaycan öz
sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o,
orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri
Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt
yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri
vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə
daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal
Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak
olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat
ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər
məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların
atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli
hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin
sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost
adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin
baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli
münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri
gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib,
qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez
istintaq başa çatacaq. Lakin sonra Rusiyada azərbaycanlılara qarşı
səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və
işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların
ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə,
20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla
belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında
Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da
var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi.
Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür.
Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç
vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud
hörmətsizliyə dözməyəcəyik”, – deyə Azərbaycan Prezidenti İlham
Əliyev qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir