
Hesab edirəm ki, İsrail ilə Suriya arasında münasibətlərin
normallaşması üçün imkanlar var.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“İlk növbədə, sizin Suriyaya təbii qazın təchizi ilə bağlı
qeydlərinizə toxunmaq istərdim. Bilirsiniz ki, Prezident Əsədin
hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi.
Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla
qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün
çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri
tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı
bizə həmişə dəstək olmuşdur. Azərbaycan İslam həmrəyliyi
prinsiplərinə yüksək dəyər verən ölkədir. Beləliklə, Azərbaycana
qarşı Ermənistanla – məscidləri dağıdan, orada donuz və inək
saxlayan ölkə ilə eyni cərgədə olmaq bizim üçün qəbuledilməz idi.
Hər iki tərəf – Prezident Əsədin komandası və bizim komanda 10
ildən çox müddət ərzində bütün əlaqələri kəsdi. Suriyada yeni
hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə
qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə
mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O
da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım
etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün
nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik
etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət
çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların
sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik.
Beləliklə, işlər başlayıb. Sonra da elektrik enerjisi qıtlığı
məsələsi diqqətimizə çatdırıldı və biz də necə yardımçı ola
biləcəyimiz haqqında düşünməyə başladıq.”
Prezident İlham Əliyev vurğulayıb ki, bizim Suriyaya təbii qazı
elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya,
Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu.
“Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan
qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti
bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2
milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa
gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də
gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az
qıtlıq olsun. Yeri gəlmişkən, Suriya ilə İsrail rəsmiləri arasında
danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda
sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən
ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik
enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa
düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət
göstəririk. Biz təxminən 100, 80-dən çox ölkəyə maliyyə dəstəyi,
humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma
prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən
vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq
da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin
normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da
Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini
gətirəcək”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd
edib.