
Bakı. Trend:
Siz tamamilə haqlısınız. Bu, bizim təcrübəmizə əsaslanır, təkcə
şüarlara, bəyanatlara əsaslanmır.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Çünki çoxlu bəyanatlar verilə bilər, lakin siz məsələnin
məğzinə, Azərbaycanda bu məsələlərin necə həll olunduğuna
baxmalısınız. Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir.
İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci,
etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün
təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də
deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından
olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə,
dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil,
Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss
edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin
müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə
və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri
az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki,
müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır.
Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən
insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün
bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə
azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz,
həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən,
müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı
idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”
Prezident İlham Əliyev vurğulayıb ki, mənim müsəlman
dövlətlərinin aparıcı dini rəhbərləri ilə keçirdiyim çoxsaylı
görüşlər onu göstərir ki, İslam dünyasında istər siyasi olsun,
istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir.
“Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş
etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq
mövcuddur. İnsanların məhz buna ehtiyacı var. İnsanların sülh
içərisində, xoşbəxt yaşamağa, öz övladlarını böyütməyə və işləməyə,
başlarına bomba düşəcək, yaxud kimsə yaşadığı yerə bomba qoyacaq
deyə qorxularının olmamasına ehtiyacları var.
Biz mədəniyyətlərarası dialoq sahəsində də bir çox işlər
görürük. Biz hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası
dialoq üzrə beynəlxalq konfranslar keçiririk. Biz həmin
konfranslarda bütün mühüm məsələləri, – təkcə müsəlmanlar üçün
deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, –
müzakirə edirik. Bu baxımdan bizim rolumuz əsasən burada gördüyümüz
işlərə və bunu başqa yerlərdə də necə edə bilərik düşüncəsinə
əsaslanır. Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq
əksəriyyətinin siyasi dairələrində, – mənim prezidentlər arasında
bir çox əlaqələrim var, – hamı başa düşür ki, müsəlmanlar həmrəy
olmalıdırlar və təriqətlərə bölünmə bizim birliyimiz üçün
təhlükədir”, deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.