
Bakı. Trend:
İsrailin məşhur və nüfuzlu “The Jerusalem Post” jurnalında
“Ermənistan və Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin
regional sülhdə rolu” adlı məqalə dərc olunub.
Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilib ki, məqalənin müəllifi İsrailin ərəb dünyası və İran
üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat
Korpusunun sabiq polkovnik leytanantı, Bar-İlan Universitetinin
şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və
İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji
Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedardır.
“Ermənistan və Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin
regional sülhdə rolu” sərlövhəli məqalədə TRIPP yolu sayəsində
ABŞ-nin bölgədə geosiyasi tarazlığı dəyişə biləcək xüsusi nəqliyyat
dəhlizinin inkişafı üçün 99 illik hüquq əldə etdiyi diqqətə
çatdırılıb.
Qeyd olunub ki, TRIPP Azərbaycanı onun Naxçıvan eksklavı ilə
birləşdirən Zəngəzur dəhlizinin 32-43 km-lik hissəsini əhatə edir.
Multimodal infrastruktur, o cümlədən dəmir yolu xətləri, neft və
qaz kəmərləri, fiber-optik kabellər və yolları özündə birləşdirəcək
TRIPP Rusiya və İranın təsirini balanslaşdıraraq Cənubi Qafqaza bir
növ strateji dayağı təmin edir.
Məqalədə həmçinin bildirilib ki, ATƏT-in Minsk qrupunun
buraxılması ABŞ-nin vasitəçilik və infrastruktur siyasətində yeni
rolunu vurğulayır və Amerika diplomatları sazişi regional sabitlik
amili və iqtisadi artımın katalizatoru kimi görürlər.
Yazıda İranın öz sərhədləri yaxınlığında ABŞ və ya NATO-nun
potensial mövcudluğu ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas
gətirərək layihəyə qarşı çıxdığına diqqət çəkilib və bir sıra başqa
vacib məqamlar diqqət mərkəzinə gətirilib.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-864369#google_vignette

