Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın milli mənafeyini şəxsi ambisiyalarına qurban verən
radikal düşərgə nümayəndələri, xaricdəki antimilli ünsürlər sosial
media platformasında yalan danışmağı, şər-böhtan atmağı adi hala
çeviriblər. Təxminən 30 ilə yaxın müddətdə xarici anti-Azərbaycan
dairələrə maşalıq edən bu antimilli ünsürlər ancaq dağıdıcılığı,
inkarçılığı, pozuculuğu təbliğ etməklə məşğuldurlar. Azərbaycanın
uğurlarını, Zəfərlərini heç cür həzm edə bilməyən bu ünsürlər xəstə
təxəyyülə əsaslanan şərhləri, qeyri-ciddi fikirləri ilə ictimai
rəyi çaşdırmağa, özlərini gündəmdə saxlamağa səy göstərir, bununla
da özlərinə qarşı ictimai qınağı son hədəfə çatdırırlar. Bu
ünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Ağa qara
deməklə ölkəmizdə mövcud olan inkişafa, sabitliyə, demokratik
mühitə kölgə salmaq cəhdləri hər zaman boşa çıxsa da, “bəlkə
alındı” prinsipini fəaliyyətlərinin əsasında saxlamaqla belə ikrah
doğuran əməllərini davam etdirirlər. Onların anti-Azərbaycan
qüvvələrlə işbirliyi inkaredilməz həqiqətdir. Həmin qüvvələrin hər
fürsətdə ölkəmizin əleyhinə təbliğat aparmaları, uğurlarımızı
görməzdən gəlmələri cəmiyyətdə nifrət hissini daha da artırır. Bu
gün ölkəmiz öz daxili imkanları hesabına azad edilmiş
ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyata
keçirərək, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına
qayıdışını təmin edir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən
dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi
ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura
qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar
atılacaq. Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi
Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin
dünyaya təqdimatıdır. Bu qədər nəhəng işləri həyata keçirən
dövlətin siyasətini təqdir etmək əvəzinə sosial mediada
platformasında qarayaxma ilə məşğul olmaq avantürizmdir.

Trend
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, xəbis xislət, Azərbaycanın
uğurlarını həzm edə bilməmək həmin qüvvələrin həqiqətləri etiraf
etməsinə imkan vermir. Belə olmasaydı həmin qüvvələr eyni mərkəzdən
alınmış tezislər əsasında dövlətimizin uğurlu siyasətinə kölgə
salmağa çalışmazdılar. Məsələn, hər fürsətdə Azərbaycana qarşı
qarayaxma ilə məşğul olan Kərimov Əli gah sosial siyasəti tənqid
edir, gah xarici siyasəti. Amma dediklərinin Azərbaycan reallığı
ilə heç bir əlaqəsi yoxdur. Hər zaman bu xatırlatmanı etməyi
özümüzə borc bilirik ki, kərimov əlilər yaxşı olar ki, özlərinin də
təmsil olunduğu AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti
dövründə yarıtmaz siyasətlərinin, idarəçilik qabiliyyətlərinin
yoxluğunun ucbatından ölkədə yaratdıqları xaosu, anarxiyanı,
özbaşınalıqları, ən əsas torpaqlarımızın bir-birinin ardınca
işğalına şərait yaratmalarını yada salsınlar. 1992-ci ildə
hakimiyyəti zorla zəbt edən bu ünsürlərin xəyanətkar siyasəti
nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə
qalmışdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Respublika dərin
böhrana sürüklənmişdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi
xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Anarxiya,
hərc-mərclik, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi.
1993-cü ildə ölkəmizi o ağır vəziyyətdən xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilas etdi.




Vüqar Rəhimzadə bildirib ki, istər ölkə daxilində, istərsə də
ölkə xaricində anti-Azərbaycan dairələrdən aldıqları sifarişlər
əsasında dövlətimizin beynəlxalq aləmdəki imicinə kölgə salmağa
cəhd etmək, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha da
yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları qaralamaq,
populist çıxışlar etmək, bitib-tükənməyən iftiralar və qarayaxmalar
“yalan maşınına” çevrilən bu qüvvələrin əslində iflasa uğradığının
göstəricisidir. Bu üzdəniraq qüvvələr hər fürsətdən istifadə edərək
Azərbaycan dövlətinin ünvanına iftiralar səsləndirirlər. Məsələn,
12 gün davam etmiş İsrail-İran müharibəsi zamanı və ondan sonra
həmin xəyanətkar qüvvələr Azərbaycanın İsrailə kömək etdiyi
yalanını tirajlayırdılar. Amma İranın Milli Təhlükəsizlik üzrə Ali
Şurasının katibi Əli Laricani bəyan edib ki, 12 günlük müharibədə
Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur.
İndi nə deyəcəksiniz, ay xəyanətkarlar! Bu qədər riyakar, satqın,
avantürist olmaq olarmı?!

Millət vəkili vurğulayıb ki, ədalətə və beynəlxalq hüquqa
söykənən müstəqil siyasəti sayəsində regionda və dünyada öz
mövqelərini daha da möhkəmləndirən, söz sahibinə çevrilən,
dayanıqlı iqtisadi inkişafa malik olan, Cənubi Qafqazın yeni
inkişaf perspektivlərini müəyyənləşdirən, yeni dünya nizamının
formalaşmasına töhfələri ilə diqqətdə olan Azərbaycanın öz uğurları
ilə radikal qüvvələri, xəyanətkarları, sosial mediada ölkəmizin
əleyhinə təbliğat aparan bədxahlarımızı çox ciddi narahat etdiyi
inkaredilməzdir. “Sapı özümüzdən olan baltalar” daim xarici
anti-Azərbaycan qüvvələrin cızdığı ssenarilərə uyğun olaraq
Azərbaycanın uğurlarına kölgə salmaq üçün cəhdlər edirlər. Amma
onların bu avantüraları, sayıqlamaları fiaskoya məhkumdur.
Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür. Bu gün beynəlxalq
ictimaiyyət qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın dünyaya
təqdim etdiyi təkmil inkişaf modelinin şahididir. Bu model
Azərbaycanı Zəfərdən zəfərə aparır.