
Xocalı.Trend:
Xocalı rayonunun Ballıca kəndinə qayıdan keçmiş məcburi
köçkünlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmaları üçün yeni
imkanlar yaradılır. Artıq kənd sakinlərinə əkin təyinatlı
torpaqların icarəyə verilməsi prosesi başlanıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, sakinlərin elektron müraciətlıri əsasında Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən maarifləndirici təlimlər keçirilib.
Onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib.
Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim
olunub.Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı
Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi,
Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.
Çıxış edənlər bildiriblər ki, Ballıca və Xanyurdu kəndlərində
ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu
torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin
istifadəsinə veriləcək.
Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq
öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd
təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni
nəfəs verəcəklər.
Qeyd edək ki, bugünədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı
Nazirliyinə elektron müraciət edib.