
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) İdarəetmə
sistemlərinin sertifikatlaşdırılması orqanı Özbəkistan
Akkreditasiya Mərkəzi (O‘ZАKK) tərəfindən beynəlxalq səviyyədə
akkreditasiya olunub.
Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.
Belə ki, O‘ZАKK tərəfindən uyğunluğun qiymətləndirilməsi
məqsədilə keçirilən auditin müsbət nəticələri əsasında AZSTAND-ın
ISO/IEC 17021-1:2015 “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə
sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən
orqanlara dair tələblər. Hissə 1: Tələblər” standartına əsasən
akkreditasiya sahəsi genişləndirilib. Beləliklə, Azərbaycan
Standartlaşdırma İnstitutunun ISO 9001:2015 “Keyfiyyəti idarəetmə
sistemi. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə
sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, ISO
45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi.
Tələblər” və ISO 22000:2018. “Qida məhsullarının təhlükəsizliyi
idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün
təşkilatlara tələblər” beynəlxalq standartları üzrə
sertifikatlaşdırma səlahiyyətləri artırılıb.
AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı
akkreditasiya sahəsini genişləndirməklə neft, kimya və qida
sahələrində beynəlxalq standartlara uyğun sertifikatlaşdırma
xidmətləri göstərmək imkanı qazanıb. Bu, müəssisələrin müvafiq
sahələrdə rəqabət qabiliyyətini gücləndirir və ixrac potensialının
artırılmasına töhvə verir.
Qeyd: Özbəkistan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən
orqanların akkreditasiyası üzrə Özbəkistan Respublikasının xüsusi
səlahiyyətli orqanıdır. O‘ZАKK 2020-ci ildən etibarən Akkreditasiya
üzrə Beynəlxalq Forumun (IAF) üzvü kimi tanınır və bu status
Mərkəzin qəbul etdiyi akkreditasiya qərarlarının beynəlxalq
səviyyədə etibarlılığını təmin edir.