Kəlbəcərdə şəhərdaxili yollar yenidən qurulur (FOTO)

Baş səhifə

Bakı.Trend:

Kəlbəcərdə ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların
birinci mərhələdə 18,9 km-lik hissəsində tikinti işləri
aparılır.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
məlumat yayıb.

Bildirilib ki, yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir.
Bu kəsiklərə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-dən 4-ə
qədər, hərəkət zolaqlarının eni 3-3,5 metr, yaşıllıq zolaqlarının
eni 1,5-3 metr, velosiped zolaqlarının eni 0,7-1,5 metr, piyada
səkilərinin eni isə 2-4 metr təşkil edir. Yolların torpaq yatağının
eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir:

“Hazırda birinci mərhələdə şəhər küçələri boyunca kommunikasiya
xətlərinin – su, kanalizasiya, yağış suları, qaz, rabitə və
elektrik xətlərinin tikintisi işləri demək olar ki, başa çatmaq
üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular
quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri
aparılır.

Layihə çərçivəsində tikinti işlərinin 76%-i artıq yerinə
yetirilib.




Bütün tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun olaraq
və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında həyata keçirilir”.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Kəlbəcər şəhərinin
daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə tam başa
çatdırılması nəzərdə tutulur”-məlumatda deyilir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər
şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və yüksək
keyfiyyətlə icra olunur:

“Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il
mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı
qoyulub”.