Tarixi məkanların turizm marşrutlarına salınması istiqamətində işlər davam etdirilir

Baş səhifə

Bakı.Trend:

Ölkə üzrə təşkil olunan turizm marşrutlarında bir sıra tarixi və
mədəni abidələr mövcuddur. Bakı-Abşeron regionunda turistlər
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər abidələri
– Qoşa Qala qapıları, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi
ilə yanaşı, qədim karvansaraylar, hamamlar, Cümə məscidi və digər
orta əsr memarlıq nümunələri ilə tanış ola bilirlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm
Agentliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda Qobustan Milli Tarix-Bədii Qoruğu,
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin Nobel qardaşlarının
ev-muzeyi və “Suraxanı” gəmi-muzeyi kimi obyektlər turizm
marşrutlarında yer alır:

“Şimal bölgəsinə səyahət edənlər üçün “Beşbarmaq dağı” Dövlət
Tarix-Mədəniyyət və Təbiət Qoruğu, UNESCO irsi olan “Xınalıq və Köç
yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu, qədim Cek və
Qalaxudat kəndləri, Quba şəhərində yerləşən Cümə məscidi, Çuxur
hamamı, Qırmızı Qəsəbə və Dağ Yəhudiləri Muzeyi xüsusi maraq kəsb
edir. Burada, həmçinin Laza kəndi və Şahdağ Milli Parkı kimi təbiət
turizm resursu ilə zəngin məkanlar təqdim olunur.

Şimal-mərkəzi regionu üzrə turizm marşrutlarında turistlər Diri
Baba türbəsi, Şamaxı Cümə məscidi, Meysəri və Dəmirçi kəndlərinin
ənənəvi irsi, Basqal və Lahıc qəsəbələrinin İpək Yolu dövrünə aid
mədəniyyət nümunələri, həmçinin Nic qəsəbəsindəki Çotari Alban-Udi
kilsəsi və Müqəddəs Yelisey kilsəsi ilə tanış ola bilirlər”.




Qeyd edilib ki, şimal-qərb regionunda əsas diqqət UNESCO
siyahısına daxil edilmiş Şəki Xan Sarayına, Şəkinin tarixi
mərkəzinə və Qafqaz Albaniyasının yadigarı olan Kiş məbədinə
yönəldilir:

“Cənub regionunda turizm marşrutlarına UNESCO-nun təbii irsinə
daxil edilmiş Hirkan Milli Parkı, Lənkəran Tarix-Diyarşünaslıq
Muzeyi, Həzi Aslanovun ev-muzeyi, qədim qala xiyabanı, mayak və
teatr binası daxil edilib.

Qarabağ üzrə turizm marşrutunda Şuşa qalası, Gəncə qapısı,
Bülbülün ev-muzeyi, Xan qızı Natəvanın evi, Yuxarı və Aşağı Gövhər
Ağa məscidləri, Mehmandarovların malikanə kompleksi, Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksi, Milli Xalça Muzeyinin Şuşa
filialı, həmçinin Cıdır düzü və İsa bulağı əsas tarixi-mədəni
məkanlar yer alır.

Qeyd edək ki, yuxarıda göstərilən turizm marşrutlarına turistlər
arasında populyarlığı ilə seçilən tarixi abidə və məkanlar daxil
edilib. Ölkə üzrə digər tarixi məkanların turizm marşrutlarına
salınması istiqamətində işlər davam etdirilir”.