
ABŞ-nin Rusiya ilə nüvə tərksilahı üzrə danışıqlar prosesinə Çinin də qoşulması ilə bağlı çağırışları mənasızdır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun bildirib.
“Çinin nüvə potensialı ABŞ-nin malik olduğu səviyyəyə çatmır. Çinin ABŞ və Rusiya arasında nüvə tərksilahı ilə bağlı danışıqlara qoşulması tələbləri mənasız və qeyri-realdır”, – o qeyd edib.
Q.Tszyakun vurğulayıb ki, “Çin nüvə silahını birinci tətbiq etməmək siyasətinin tərəfdarıdır və üçüncü ölkələrlə silahlanma yarışında iştirak etmir”.
O qeyd edib ki, dünyanın ən böyük nüvə arsenallarına malik olan ölkələr nüvə silahlarının azaldılması üzrə öhdəliklərini yerinə yetirməlidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə nüvə arsenallarının azaldılması məsələsinin qaldırıldığını bildirib. Prezidentin sözlərinə görə, o, nüvə arsenallarının mümkün azaldılması prosesində Çinin də iştirak etməsinin tərəfdarıdır.