
Bakı.Trend:
Biləsuvarda içkili halda həmkəndlisinin evini yandıran şəxs həbs
edilib.
Trend-in
məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.
Təqsirləndirilən şəxs izahatında bildirib ki, hadisə baş verdiyi
vaxtdan 15-20 gün əvvəl həmkəndlisi ilə yaşadığı kənddə, magistral
yolun kənarında aralarında mübahisə yaranıb. Həmin vaxt həmkəndlisi
onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib.
Təqsirləndirilən şəxs həmin vaxt həmkəndlisi ilə aralarında olan
mübahisəni davam etdirməyib. Lakin hadisədən 15 gün sonra
küçələrində yanacaq satışı ilə məşğul olan şəxsdən başqa bir işlə
əlaqədar 1 litr benzin alıb. Həmçinin içmək üçün mağazadan araq da
alıb. Daha sonra yaşadığı evə gedərək bir şüşə arağı içib və sərxoş
olub.
Təqsirləndirilən şəxs sərxoş olduğu zaman zərərçəkmiş şəxsin onu
təhqir etməsini xatırlayıb və bundan qəzəblənib.
Əvvəlcədən həmkəndlisinin yaşadığı evi yandırmaq niyyəti olmasa
da, sərxoş olduğu üçün həmin şəxsin evini yandırmaq qərarına gəlib.
Təqsirləndirilən şəxs həmkəndlisinin yaşadığı evin həyətinə
darvazanı açaraq daxil olub, daha sonra özü ilə gətirdiyi plastik
qabda olan benzini evin giriş hissəsində 3 yerə səpib. Daha sonra
isə özü ilə gətirdiyi kibrit çöpünü yandırıb və benzin tökdüyü
yerlərə atıb. Həmin vaxt evin giriş hissəsi yanmağa başlayıb və o,
dərhal darvazadan çıxaraq hadisə yerini tərk edib.
Biləsuvar rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs
Cinayət Məcəlləsinin 29, 186.2.2 və 186.2.2-ci maddələri ilə
nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona 3 il
6 ay müddətinə azadlıqdan məhrum edilib.