
Bakı. Trend:
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb
müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş
müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik
Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova
səsləndirib.
Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata
alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı
planlı yoxlamalar keçirir:
“Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində
tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız
vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının
araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər”.
T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın
keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və
yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:
“Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə
və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən
aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən
məlumat əldə edir.
Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə:
* Fiziki şəxslərə 2 000 – 3 000 manat,
* Vəzifəli şəxslərə 5 000 – 10 000 manat,
* Hüquqi şəxslərə isə 20 000 – 30 000 manat cərimə nəzərdə
tutulur.
Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız
məhkəmənin qərarından sonra qüvvəyə minir”.
T.Həsənova sonda qeyd edib ki, əgər həmin pozuntu təkrar
olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin
dayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələ
artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara
yönləndirilir:
“İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ
cinayət işi kimi prokurorluqda araşdırılır”.