
Bakı. Trend:
Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank”ın tərəfdaşlığı ilə
növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub.
23 avqust 2025-ci il tarixində keçirilən tədbir tullantıların
düzgün idarə olunmasına ictimai dəstəyi artırmağı, resurslardan
səmərəli istifadə vərdişlərinin təşviqini və təkrar emalın
əhəmiyyətini vurğulamağı hədəfləyib. “Konstitusiya və Suverenlik
İli” çərçivəsində keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu
8985 litr plastik, 1890 litr şüşə tullantı və 2620 ədəd işlənmiş
batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Festival çərçivəsində uşaqlar üçün əyləncəli ustad dərsləri təşkil
olunub və iştirakçılar tullantıların çeşidlənməsi ilə bağlı
praktiki biliklər qazanıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə
2025-ci ilin əvvəlindən bu günədək keçirilən tədbirlərdə ümumilikdə
28 105 litr plastik, 4458 litr şüşə tullantı və 4788 ədəd işlənmiş
batareya toplanaraq təkrar emala və utilizasiyaya
yönləndirilib.
Festivalda, “PAŞA Bank”la birgə “ECO Hub” İctimai Birliyi və bir
sıra qurumlar tərəfdaş qismində çıxış ediblər.
Qeyd edək ki, “PAŞA Bank” bir sıra ekoloji layihələri
dəstəkləməklə dayanıqlı iqtisadi inkişafın önündə gedir. Bankın
layihələri enerji səmərəliliyi, təmiz nəqliyyat, kənd
təsərrüfatında müasir suvarma texnologiyaları və ətraf mühitin
qorunmasına yönəlmiş təşəbbüsləri əhatə edir. Bu fəaliyyətlər
Azərbaycanın qlobal iqlim səhnəsində mövqeyini gücləndirməklə
yanaşı, gələcək nəsillər üçün daha təmiz və dayanıqlı bir mühitin
formalaşmasına xidmət edir.