Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 4,228 milyard
ABŞ dolları təşkil edib.

Trend-in
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara
görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
8,3% və ya 324,3 milyon ABŞ dolları artıb.

Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,6%-nə bərəbər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın Türkiyə
ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 6,5% azalaraq 3,4
milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi iki dəfə artaraq
40,064 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 3,8 dəfə
artaraq 517,1 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə
2,3 dəfə artaraq 268,9 milyon dollara bərabər olub.




Cari ilin ilk yeddi ayında Azərbaycandan Türkiyəyə 24 milyon ABŞ
dolları dəyərində 51,5 min ton bitumlu süxurlardan alınmış xam neft
və xam neft məhsulları, Qazaxıstana 59,8 milyon ABŞ dolları
dəyərində qeyri-neft məhsulları ixrac edilib. Digər ölkələrə isə
sözügedən məhsulların ixracı ilə bağlı göstəricilər qeydə
alınmayıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3
oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə
imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat
yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)”
olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda
“Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir
və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkiyə.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə
təşkilatda müşahidəçi statusa malikdir.