
Bakı. Trend:
27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Uqanda Respublikasının xarici
işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərinin
siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s.
aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı
çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər
müzakirə olunub.
“Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini
çatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf
etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla
qeyd ediblər.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli
sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Hərəkatın
Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə
əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi dövründə intensiv xarakter alan
münasibətlərimizin Uqandanın Hərəkata sədrliyi zamanı da davam
etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfə ölkəmizin
alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin
genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat
verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf
etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə
çatdırıb.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN
Xidmət” modelinin Uqandada uğurlu tətbiqinin ölkələrimiz arasında
təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu
vurğulanıb.
Nazir Ceyhun Bayramov, o cümlədən 8 avqust 2025-ci il tarixində
baş tutan Vaşinqton görüşünün nəticələri barədə qarşı tərəfi
məlumatlandırıb, bu tarixi görüş çərçivəsində “Azərbaycan
Respublikası ilə Emənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in
mətninin paraflandığını, o cümlədən keçmiş münaqişənin qalığı olan
ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların bağlanması ilə
əlaqədar birgə müraciətin ünvanlandığını diqqətə çatdırıb.
Dövlət naziri Con Mulimba Vaşinqton görüşü çərçivəsində
Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi razılaşmaların
əldə edilməsi münasibətilə öz təbriklərini çatdırıb, prosesin
uğurla nəticələnməsinə dair ümidvarlıq ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası ilə Uqanda Respublikası
arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi
məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın
Rəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri Con
Mulimba rəhbərlik edib”, – deyə məlumatda qeyd edilib.