
Bakı. Trend:
Tərtər Rayon Polis Şöbəsinə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi
və Talış kəndinin ərazisindən dövlət əmlakı olan dəmir boru və
toxuma torların oğurlanması barədə məlumat daxil olub.
Trend
xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər
nəticəsində əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Xəyal Nəsirov
saxlanılıb. Onun yaşadığı ünvandan 471 ədəd dəmir boru və 46 top
toxuma maddi sübut kimi götürülüb.
Bundan başqa, polis əməkdaşlarının narkotik tərkibli bitkilərin
qanunsuz kultivasiyasına qarşı keçirdiyi tədbirlər nəticəsində 54
yaşlı Firdovsi Həsənov saxlanılıb. Yaşadığı ünvana baxış zamanı
oradan aqrotexniki qaydada dibçəklərdə yetişdirilən çətənə
bitkiləri aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.