Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil
şirkətlərinin müvafiq elanlarında və özünü təhsil “ekspertləri”
kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici
ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani
təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq
olunur və sonda diplomların tanınacağı vədi verilir.

Trend
xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi
məlumat yayıb.

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA)
xaricdə təhsil sahəsində, o cümlədən, tanınma prosedurları ilə
bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların
fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

“Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə
aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində
qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının
tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız
ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi
təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə
həyata keçirilir.




Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili,
bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura
səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər
bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş
təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin
ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin
normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat
(əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun
kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə
ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə
olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ
müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə
olunması) tələb olunur.

Belə ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin
tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə
hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində
illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq
olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ
müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində
olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur.
Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci
yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə
münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir.
Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (https://e-qanun.az/framework/54957), həmçinin https://www.tkta.edu.az/ FAQ bölməsində yer alan
suallarla tanış olmağı tövsiyə edirik.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və
onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq”, –
qurumdan bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir