Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizdəki
səfiri Ann Buayonu Azərbaycandakı diplomatik fəaliyyətinin başa
çatması münasibətilə qəbul edib.

Trend xəbər
verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə
regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.

Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və
əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində
fəaliyyət göstərdiyini bildirib. Ölkəmizdə öz diplomatik
fəaliyyətini yekunlaşdıran səfir Ann Buayona bundan sonrakı
fəaliyyətində uğurlar arzu olunub.

Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və
çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının
vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi regional sülh
gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o
cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları
barədə məlumatlandırıb.

Ölkəmizin hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün
də bunu sübut etdiyi diqqətə çatdırılıb.

Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə
Emənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin
paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk
Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə
müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.

Səfir Ann Buayon, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə
göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.