
Bakı. Trend:
Sentyabrın 13-14-də Şamaxıda Üzüm və Şərab Festivalı
keçiriləcək.
Trend xəbər
verir ki, festival Şamaxı rayonunun Meysəri kəndində baş
tutacaq.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi,
şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda
üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin
geniş ictimaiyyətə çatdırılmasıdır. Bu il keçiriləcək festivalda da
üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı
müxtəlif maarifləndirici və əyləncəli tədbirlər də nəzərdə
tutulub.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və
şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda
müxtəlif şərab brendləri iştirak edəcək. Bununla yanaşı, 2 gün
ərzində festival ərazisində sərgi, əyləncə, müxtəlif ustad dərsləri
zonaları və məşhur restoranların pavilyonları quraşdırılacaq.
Yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif
çeşidli şərab məhsullarının dequstasiyaları olacaq, ziyarətçilər
bəyəndikləri məhsulları ən sərfəli – zavod qiymətinə əldə edə
biləcək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı
hekayələrini dinləmək imkanı qazanacaqlar.
Festivala gələnləri tanınmış ifaçıların konsert proqramı da
gözləyir.
Artıq dördüncü dəfədir ki, keçiriləcək Üzüm və Şərab Festivalı
şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını
geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.
Festivalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsilə
qeydiyyatdan keçə bilərlər.
Avtobus bileti almış iştirakçılar üçün nəqliyyat Heydər Əliyev
Mərkəzindən təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin
dayanacağından saat 11:30-da yola düşəcək. Şamaxıdan Bakıya geri
dönüş isə saat 20:40-da olacaq.

