
Bakı. Trend:
Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh”
istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi
görüş keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətindən Trend-ə bildirilib ki, görüş çərçivəsində Vətən
müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından
tanış ediliblər.
Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə
Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda
qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilmiş, ardınca Dövlət Himni
səsləndirilib.
Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi,
yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük
Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət
açıblar.
Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün
2025-ci ildə qeyd ediləcəyini vurğalayan çıxışçılar Vətən
müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr
ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin
hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi
oyatdığını bildiriblər.
Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert
proqramı ilə davam etdirilib.